Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 Oktyabr – Ümumdünya Zorakılıqla Mübarizə Günü ilə əlaqədar Naxçıvan şəhərinin Qaraçuq kəndində “Zorakılığa qarşı mübarizədə maarifləndirmənin və ictimai həmrəyliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov və Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi Könül Ramazanova zorakılığın qarşısının alınmasında maarifləndirmə tədbirlərinin, ailə və məktəb mühitində sağlam münasibətlərin formalaşdırılmasının, hüquqi və mənəvi dəyərlərin aşılanmasının əhəmiyyətindən danışıblar.
Bildirilib ki, zorakılıq yalnız ayrı-ayrı şəxslərə deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə və sağlam sosial münasibətlərə təsir edən ciddi problemdir. Bu baxımdan zorakılığın müxtəlif formaları, onun fəsadları və qarşısının alınması yolları barədə ictimai məlumatlılığın artırılması mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda xüsusilə uşaqların, qadınların və gənclərin hüquqlarının qorunması, onların təhlükəsiz və sağlam mühitdə böyüməsi üçün ailə, təhsil müəssisələri və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, zorakılığın qarşısının alınması yalnız hüquqi mexanizmlərin tətbiqi ilə məhdudlaşmamalı, cəmiyyətdə qarşılıqlı hörmət, dözümlülük, empatiya və məsuliyyət kimi dəyərlərin möhkəmləndirilməsi istiqamətində ardıcıl maarifləndirmə işləri aparılmalıdır. Hər bir şəxsin zorakılığa qarşı mövqe nümayiş etdirməsi və belə hallara laqeyd qalmaması ictimai həmrəyliyin mühüm göstəricilərindəndir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və zorakılığın qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.