Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 8 noyabr - Zəfər Gününə həsr olunmuş müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini yeniyetmə və gənclərə aşılamaq, gənc nəslin nitq mədəniyyətinə, şeirə, incəsənətə olan marağını daha da artırmaq və yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdır.
Tədbirdə Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri Zəfər gününü, tarixi qələbəmizi tərənnüm edən şeirlər səsləndirərək Vətənimiz Azərbaycana öz məhəbbətlərini ifadə ediblər.
Şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru Elxan Yurdoğlunun iştirakı ilə keçirilən müsabiqənin yekununa əsasən Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Rahilə Məmmədova I, 8 və 6 nömrəli tam orta məktəblərin şagirdləri Afaq Məmmədli və Aysel Əliyeva II, 5 və 17 nömrəli tam orta məktəblərin şagirdləri Sevgi Rüstəmova və Nilufər Hüseynli III yerlərə layiq görülüblər.
Qeyd edək ki, qaliblər noyabrın 7-də keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.