Zəfərdən Dirçəlişə: Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur

Azərbaycan Respublikası öz torpaqlarını işğaldan azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.
Prezident İlham Əliyev 2022-ci ilin 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.
Hazırda “Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79%-dir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılmışdır. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırmışdır.
2025-ci il oktyabrın 1-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4.826 ailənin qayıdışı təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38.304 nəfər təşkil edib.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2152 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59.565 nəfər təşkil edib.
Bir sözlə, Qarabağ artıq dirçəlişin, quruculuğun, bərpa və yenidən doğuluşun məkanıdır. Azad edilmiş torpaqlarda tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və məscidlər Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir. Bu gün Azərbaycan xalqı Zəfər bayramını qeyd edərkən həm qəhrəman şəhidlərimizin ruhuna ehtiramını bildirir, həm də dövlətimizin gücünə, xalqımızın birliyinə inamını bir daha nümayiş etdirir.