Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə fevralın 19-da Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək şəhid Yusif Mirzəyevin həyat və döyüş yolundan danışıb. Bildirib ki, qəhrəman döyüşçü Goranboy və Ağdərə istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Onun göstərdiyi igidlik bugünkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Sosial Xidmətlər Agentliyinin əməkdaşı İmran Əliyev, şəhid Şükür Hacıyevin anası Fatma Hacıyeva, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, qazi Arif Niftəliyev və Yusif Mirzəyevin tələbə yoldaşı Hacırəddin Mehbalıyev çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Yusif Mirzəyevə Azərbaycanın üçrəngli bayrağını işğal altında olan torpaqlarımızda dalğalandırmaq nəsib olmasa da, qəhrəman şəhidlərimizin və qazilərimizin şücaəti nəticəsində onun və silahdaşlarının arzuları reallığa çevrilib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Sonda şəhidin bacısı Naibə Mirzəyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib.