“Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbir keçirilib

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə Naxçıvan Şəhər İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyəti başçısının müavini Gülxanım Orucova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması, bu pozuntuların baş verməsinə imkan verən səbəb və halların aradan qaldırılması, yetkinlik yaşına çatmayanların hüquqları və qanuni mənafelərinin qorunması, yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarının aşkar edilməsi və aradan qaldırılmasına dair tədbirlər, həmçinin, yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur etmə hallarının qarşısının alınmasından bəhs edib.

Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru Samiq Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, psixoloq Nuranə Səlimova mövzu ilə bağlı çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və müzakirələr aparılıb.