Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın və hüquqpozmaların profilaktikası mövzusunda maarifləndirici tədbir keçirilib

Fevralın 7-də Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Polis İdarəsinin və məktəbin şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Abbasəli Həsənov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səfəralı Vəliyev və Naxçıvan Şəhər Polis İdarəsinin Veteranlar şurasının sədri Mübariz Quliyev çıxış edərək yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq hallarının və hüquqpozmaların profilaktikasının metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Çıxış edənlər cinayətkarlığın və hüquqpozma hallarının qarşısının alınmasında maarifləndirmənin önəmini xüsusi qeyd edib, yeniyetmələrin üzərinə düşən mühüm vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bəhs edilən mövzular ətrafında videoçarx nümayiş etdirilib.