Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsidir” mövzusunda konfrans keçirilib.

Noyabrın 20-də Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsidir” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. 

Konfransda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova “Yeni Azərbaycan Partiyasının tarixi inkişaf edən Azərbaycanın tarixidir”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli “Yeni Azərbaycan Partiyası – Milli Qurtuluşdan tarixi Zəfərə”, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov “Yeni Azərbaycan Partiyası və milli təhsilin inkişafı” mövzularında çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan dövlətçiliyi tarixində oynadığı müstəsna roldan, reallaşdırılan uğurlu milli quruculuq siyasətindən, təhsilin müasirləşdirilməsi, inkişafı istiqamətində atılan addımlardan bəhs ediblər. 

Bildirilib ki, Azərbaycanı inkişaf etdirmək, irəliyə aparmaq dahi şəxsiyyət Heydər Əliyevin həyatının bütün dövrlərində tək amalı olmuşdur. Ulu öndərin sədrliyi ilə Naxçıvanda 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasnın yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyulmuşdur. Bu gün inkişaf edən Azərbaycan güclü iqtisadi və hərbi potensialı, multikultural dəyərlərə malik sülhsevər siyasəti ilə nəinki regionun, həm də bütün dünyanın diqqətini özünə cəlb edən unikal dövlətlərdəndir. Hazırda ölkəmiz mötəbər beynəlxalq tədbirə: - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29-a ev sahibliyi edir. 

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın davamlı uğurlar əldə etməsinə dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır.

Sonra “Yeni Azərbaycan Partiyası-32” mövzusunda film nümayiş olunub, partiyanın himni səsləndirilib.