Azərbaycan son illərdə dövlətçilik salnaməsinə mühüm tarixi hadisələr yazaraq yeni reallıqlar formalaşdırmışdır. Bu reallıqlar ölkəmizin qarşısında yalnız qazanılmış uğurların qorunması deyil, həm də dəyişən dünya düzənində milli maraqların etibarlı şəkildə müdafiə olunması, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi kimi mühüm vəzifələri müəyyənləşdirir.
Məhz belə bir tarixi mərhələdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ölkəmizin keçdiyi inkişaf yolunun əsas məqamlarına nəzər salmaqla yanaşı, Azərbaycanın qarşıdakı dövrdə üzləşə biləcəyi çağırışlar və prioritet istiqamətləri barədə mühüm fikirlərlə yadda qalmışdır.
Dövlət başçısının çıxışında Azərbaycanın son onilliklər ərzində əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlərin əsasında güclü dövlətçilik siyasətinin dayandığı diqqətə çatdırmışdır. Bu siyasətin təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik konsepsiyası və milli maraqlara əsaslanan siyasi xətt dayanır. Azərbaycan dövlətinin müasir inkişaf mərhələsində əldə etdiyi nəticələr həmin siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsinin mühüm göstəricilərindən biridir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin ölkəmizin tarixində yeni səhifə açdığını vurğulamışdır. Bu tarixi nəticə Azərbaycan dövlətinin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də müəyyənləşdirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, əhalinin doğma yurdlarına qayıdışının təmin olunması və həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına reinteqrasiyası qarşıdakı mühüm vəzifələr sırasında yer alır.
Dövlət başçısının çıxışında iqtisadi müstəqillik məsələsinə də xüsusi diqqət yetirilmişdir. Güclü iqtisadiyyatın dövlətin siyasi və təhlükəsizlik imkanlarının əsas dayaqlarından biri olduğu vurğulanaraq, ölkənin iqtisadi potensialının daha da artırılması, dayanıqlı inkişafın təmin olunması və mövcud imkanlardan səmərəli istifadə edilməsi qarşıda duran əsas vəzifələr sırasında göstərilmişdir.
Prezident İlham Əliyev müasir dövrdə ideoloji təhlükəsizlik məsələsinin də aktuallığını diqqətə çatdırmışdır. İnformasiya məkanının genişləndiyi, yeni texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi bir şəraitdə milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və cəmiyyətin zərərli ideoloji təsirlərdən qorunması xüsusi əhəmiyyət daşıyır.
Çıxışda Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə fəaliyyət istiqamətləri də diqqət mərkəzində olmuşdur. Partiyanın cəmiyyətlə əlaqələrinin daha da gücləndirilməsi, müasir kommunikasiya imkanlarından səmərəli istifadə, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və ideoloji fəaliyyətin yeni çağırışlara uyğun qurulması məsələləri önə çəkilmişdir.
Ümumilikdə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna verilən qiymətlə yanaşı, gələcəyə hesablanmış mühüm mesajları özündə əks etdirir. Çıxışda dövlət müstəqilliyinin və suverenliyin qorunması, iqtisadi və hərbi potensialın gücləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması, gənc nəslin düzgün istiqamətləndirilməsi və yeni dövrün çağırışlarına hazırlıqlı olmaq kimi məsələlər xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin əsas xüsusiyyətlərinin müzakirə edildiyi mühüm siyasi platforma kimi diqqəti cəlb edir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər dövlətçilik ənənələrinin qorunması ilə yanaşı, müasir Azərbaycanın qarşısında dayanan yeni hədəflərin və məsuliyyətlərin də aydın şəkildə müəyyənləşdirildiyini göstərir. Bu mərhələdə əsas məqsədlərdən biri də əldə olunmuş nailiyyətlərin qorunması, dövlətin hərtərəfli inkişafının davam etdirilməsi və Azərbaycanın milli maraqlarının ardıcıl şəkildə təmin olunmasıdır.