Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı növbəti dəfə ağır tarixi sınaqlarla üzləşmişdi. Torpaqları işğal olunan, doğma yurd-yuvalarından qovulan çarəsiz xalq yenicə bərpa olunmuş müstəqilliyini birdəfəlik itirmək təhlükəsi qarşısında qalmışdı. Belə bir taleyüklü zamanda Azərbaycanın taleyini düşünən insanlar ölkəni bu çətin böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Azərbaycanın ən yeni tarixinə “91-lər” kimi daxil olmuş bu müraciət əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ulu Öndər Heydər Əliyev müraciəti qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin süni maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gələrək təsis konfransını burada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yaradıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə geniş təşkilatlanma prosesinə başladı və heç bir siyasi gücün uğur qazana bilmədiyi çətin bir dövrdə xalqın etimadını qazanaraq ümumxalq partiyasına çevrildi. Partiyanın güclü institusional strukturu və liderlik fəlsəfəsi onun ölkəmizdə sabitliyin təmin edilməsində və inkişaf strategiyasının formalaşmasında həlledici rolunu daha da möhkəmləndirdi. Nəticədə, qısa vaxt ərzində Azərbaycanın geosiyasi mövqeyi gücləndi, ölkə regionun inkişaf edən lider dövlətinə çevrildi.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev partiyanın sədri seçilmişdir. Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın inkişafında yeni mərhələ yaratdı. Dövlət başçısı Ulu Öndərin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə zənginləşdirərək partiyanın dövlət idarəçiliyindəki rolunu daha da gücləndirdi.
2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür.
VII qurultayın qərarları göstərdi ki, YAP iqtidar-xalq modelinin real işlənməsinə nail olmuş və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasına liderlik etmişdir. YAP-ın Azərbaycan siyasi sistemindəki nüfuzu son seçkilərin nəticələrində bir daha öz təsdiqini tapmışdır. 2024-cü il Prezident seçkilərində partiyanın lideri İlham Əliyev 92,12 faiz səslə qalib olmuşdur, 2024-cü il Milli Məclis seçkilərində YAP 68 deputat yeri əldə etmişdir, 2025-ci il bələdiyyə seçkilərində YAP yerli özünüidarəetmə orqanlarında yüksək nəticə qazanmışdır. Bu göstəricilər xalqın YAP-a və onun liderinə olan yüksək etimadının real ifadəsidir.
Bu gün Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da genişlənir. Əlbəttə ki, bütün bunlar dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inam və ehtiramdan irəli gəlir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır.
Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq, Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.