30 iyun 2026-cı il tarixdə Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində “Yay mövsümü dövründə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev qarşıdan gələn isti yay aylarında yanğın təhlükəsinin artdığını diqqətə çatdıraraq, şəhər ərazisində taxıl zəmilərində biçin mövsümü zamanı yanğınlara qarşı qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb. O, bu sahədə hər bir vətəndaşın diqqətli və məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mircamal Seyidov Nazirlik tərəfindən muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, qanunvericiliyə uyğun olaraq mülkiyyət obyektlərində, meşələrdə, taxıl sahələrində, əkin və otlaq ərazilərində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsində yerli özünüidarəetmə orqanlarının, eləcə də vətəndaşların üzərinə düşən vəzifələrdən bəhs edib. Həmçinin meşələrin, biçilmiş taxıl sahələrinin, eləcə də əkin və otlaq sahələrinin yandırılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyət növləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və maarifləndirici bukletlər paylanılıb.