Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanunu imzalayıb. Həmin sənədə əsasən 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Naxçıvan şəhərində də yaşlı nəsil, ahıllar dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Mütəmadi olaraq ahıllarla keçirilən görüşlər, onların sosial problemlərinin araşdırılması və həlli istiqamətində görülən işlər də bu diqqətin ifadəsidir.
28 avqust 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları“Ailə könüllüləri” ilə birgə “Muxtariyyətin zəhmətkeş ailəsi” layihəsi çərçivəsində Naxçıvan şəhərində 50 ildir evli olan uzunömürlü, nümunəvi, zəhmətkeş Əliyev Nadir Nəcəf oğlu və İsmayılova Mahirə Teymur qızı ilə görüş keçiriblər.
Görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri Aysel Məmmədova və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva Əliyevlər ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 50 illi tamam olan ailənin başçısı 1940-cı il təvəllüdlü Nadir Əliyev uzun illər dövlət qulluğunda çalışıb, ailəsinin qayğısına qalaraq, 2 övlad böyüdüb, 4 nəvəsi var. Onun ömür-gün yoldaşı 1948-ci il təvəllüdlü Mahirə İsmayılova həm qayğıkeş ana, həm də metodist-müəllim kimi gələcəyin vətənpərvər övladlarını yetişdirib.
Uzunömürlü ailənin üzvləri Əliyev Nadir Nəcəf oğlu və İsmayılova Mahirə Teymur qızı nümunəvi ailə olmaqla milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər.