3 mart 2026-cı il tarixdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də yaşıl enerji gündəliyidir və bu istiqamətdə artıq mühüm nəticələr əldə olunmuşdur.
Dövlət başçısı qeyd etmişdir ki, cari ilin yanvar ayında regionda indiyədək ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyasının açılışı olmuşdur. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilmiş və icra edilmişdir. Bu obyekt Azərbaycanın mövcud enerji potensialına əlavə edilən yeni və əhəmiyyətli yaşıl enerji mənbəyidir.
Prezident cənab İlham Əliyev vurğulamışdır ki, 2023-cü ildə “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edilmişdir. Hazırda bir sıra layihələr icra mərhələsindədir və qarşıdakı illərdə alternativ enerji mənbələri əsasında yeni elektrik stansiyalarının istifadəyə verilməsi gözlənilir.
Çıxışında dövlət başçısı qeyd etmişdir ki, bu sahədə xarici sərmayədarlarla yanaşı, yerli şirkətlər də fəal iştirak edir. Yerli tərəfdaşlar sırasında SOCAR və digər özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlamışlar. Bu isə həm mövcud böyük potensialın, həm də bazarda artan tələbatın göstəricisidir.
Prezident cənab İlham Əliyev bildirmişdir ki, hazırda ötürücü xətlər mövcuddur, lakin gələcəkdə onların sayı daha da artırılacaqdır. Bu məqsədlə Azərbaycandan Avropaya Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana çəkiləcək enerji kabeli layihələri üzərində iş aparılır. Hər iki layihə üzrə müqavilələr imzalanmış, bir istiqamətdə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrə, digər istiqamətdə isə bu proses davam edir.
Dövlət başçısı vurğulamışdır ki, bütün bu layihələr reallaşdıqdan sonra dayanıqlı xarakter daşıyacaq və bir çox ölkələrin enerji dəhlizləri üçün strateji, hətta ekzistensial əhəmiyyət kəsb edəcəkdir.