Yanğın hadisələrinin qarşısının alınması istiqamətində görüləcək zəruri tədbirlər mövzusunda növbəti seminar-müşavirə keçirilib

“Yay mövsümü dövründə taxıl, əkin otlaq sahələrində, eləcə də meşələrdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması istiqamətində görüləcək zəruri tədbirlər, yanğın təhlükəsizliyinin təmin olunmasında yerli özünüidarəetmə orqanlarının və vətəndaşların üzərinə düşən vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib
16 iyul 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Əliabad qəsəbə İnzibati Ərazi Dairə üzrə Nümayəndəliyində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxsləri, Naxçıvan şəhər Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, torpaq mülkiyyətçiləri, sahibkarlar, kənd sakinləri, eləcə də müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Nail Əliyev giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynovun, Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin baş inspektoru, daxili xidmət leytenantı Nurlan Sadiqovun, Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin baş məsləhətçisi Sarvan Məsumlunun videotəqdimatla müxtəlif mövzular ətrafında çıxışları dinlənilib.
Qeyd edək ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd Naxçıvan şəhərinin yaşayış sahələrində yay mövsümü dövründə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görmək, zəlzələ hadisəsi zamanı davranış qaydaları, məişətdə civə dağılması zamanı görülməsi zəruri olan tədbirlər haqqında məlumat vermək, eləcə də vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməsi və əhalinin bu sahədə maarifləndirilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Seminar-müşavirənin sonunda müşavirə iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.