Mart soyqırımı kimi tanınan bu hadisələr azərbaycan xalqına qarşı məqsədyönlü zorakılıq, etnik təmizləmə və kütləvi qırğın aktları ilə xarakterizə olunur. Həmin dövrdə Bakı Soveti mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri Bakı şəhərində və ətraf bölgələrdə dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətmişdir.
Faciənin miqyası və qəddarlığı bu hadisələrin əvvəlcədən planlaşdırılaraq təşkil olunduğunu təsdiq edir. Azərbaycanlıların yaşadıqları ərazilərdən sıxışdırılıb çıxarılması, fiziki məhv edilməsi və demoqrafik vəziyyətin dəyişdirilməsi məqsədilə törədilən qırğınlar nəticəsində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə erməni-bolşevik silahlı dəstələri tərəfindən minlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar olmaqla on minlərlə azərbaycanlı qətlə yetirilmiş və ya öz torpaqlarından qovulmuşdur. Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış bu soyqırımı nəticəsində minlərlə yaşayış məntəqəsi dağıdılmış, əhali ağır humanitar fəlakətlə üzləşmişdir. Daşnaksütyun Partiyası ilə bolşevik qüvvələrinin üst-üstə düşən maraqları nəticəsində həyata keçirilən bu qanlı aksiyalar regionda uzunmüddətli etnik və siyasi gərginliyin əsasını qoymuşdur.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti bu tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl siyasət yürütmüşdür. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Hər il qeyd olunan bu gün faciə qurbanlarının xatirəsinin yad edilməsi ilə yanaşı, tarixi ədalətin bərpasına çağırış baxımından da böyük əhəmiyyət daşıyır.
2013-cü il sentyabrın 18-də Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin açılışı zamanı Prezident İlham Əliyev demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”
XX əsrin əvvəllərində azərbaycan xalqına qarşı törədilmiş bu qanlı hadisələrin öyrənilməsi və gələcək nəsillərə çatdırılması həm milli yaddaşın qorunması, həm də dünyada belə faciələrin bir daha təkrarlanmaması və ədalətin təmin olunması üçün vacib şərtlərdən biridir.