Fevralın 23-də Naxçıvan Şəhər İcra Hakimiyyəti, Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Qaraçuq kənd klubu və kitabxana filialının birgə təşkilatçılığı ilə “Xocalı: XX əsrin faciəsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai -siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Novruzov, Qaraçuq kənd klubunun direktoru Yasəmən Əliyeva və Qaraçuq kənd kitabxana filialının müdiri Fəridə Ələkbərova çıxış edərək XX əsrin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımının xalqımızın yaddaşında silinməz izlər qoyduğunu bildiriblər.
Qeyd olunub ki, erməni işğalçılarının günahsız azərbaycanlılara qarşı törətdiyi bu amansız faciəyə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində mühüm işlər görülmüşdür.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində 30 ilə yaxın bir müddətdə işğal altında qalmış torpaqlarımız Rəşadətli ordumuz tərəfindən azad olundu, sərhədlərimiz bərpa edildi. Bu gün Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində işğaldan azad edilmiş torpaqlarda böyük infrastruktur layihələri həyata keçirilir, soydaşlarımız öz doğma yurduna qayıdır.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş guşəyə baxıblar.