Xocalı soyqırımının beynəlxalq təşkilatlar və xarici parlamentlər tərəfindən tanınması həm ədalətin bərpası, həm də gələcəkdə belə faciələrin qarşısının alınması üçün mühümdür

26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı Xocalıda törədilmiş qətliam insanlıq tarixinin ən dəhşətli səhifələrindən biri kimi yaddaşlara həkk olunub. Faciə zamanı 366-cı motoatıcı alayın iştirakı ilə erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən kütləvi qırğın nəticəsində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 613 günahsız azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan yaralanmış, əsir götürülmüş və ya itkin düşmüşdür. Bu faciə təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşında iz buraxan bir soyqırımı aktıdır.
Xocalı soyqırımı yalnız müharibənin amansızlığı ilə deyil, həm də mülki əhaliyə qarşı sistemli və planlı qətllərlə xarakterizə olunur. Beynəlxalq hüquqda soyqırımı termini qəsdən milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhvinə hesablanan aktlar üçün istifadə edilir. Xocalıda qətl edilənlərin də hamısı mülki azərbaycanlılar idi və bu qanlı akt təşkilatlanmış hərbi qüvvələr tərəfindən həyata keçirilmişdir.
Xocalı soyqırımının hüquqi qiymətləndirilməsi dünya ictimaiyyəti üçün də prioritet məsələdir. Faciədən ötən illər ərzində Azərbaycan dövləti, diaspor təşkilatları, qeyri-hökumət təşkilatları bu soyqırımının beynəlxalq səviyyədə tanınması üçün məqsədyönlü kampaniyalar həyata keçirmişdir. Bu səylər nəticəsində bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar faciəni soyqırım və insanlığa qarşı cinayət olaraq tanımışdır. Bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən faciə ilə bağlı parlament qətnamələri qəbul edilmişdir.
20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir.
2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılmışdır. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.
Bu sahədə nailiyyətlərin qazanılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı və müəllifi olduğu “Xocalıya ədalət” kampaniyasının xüsusi rolu olmuşdur. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Əlbəttə ki, bu cür təşəbbüslər soyqırım faktlarının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verir və faciənin tarixi ədalət prizmasında qiymətləndirilməsinin təmin edilməsində mühümdür.
Qeyd edək ki, hazırda Xocalı soyqırımının BMT səviyyəsində, xarici parlamentlərdə, QHT-lərdə və digər beynəlxalq təşkilatlarda tanınma səyləri davam etdirilməkdədir. Bu proses tarixi ədalətin bərpası və gələcəkdə belə faciələrin qarşısını alınması üçün də vacibdir.