Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Naxçıvan şəhərində 26 Fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. Tədbir Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 26-da Xocalıda xalqımızın başına gətirilən faciədən bəhs ediblər. Qeyd olunub ki, soyqırımı zamanı 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla ümumilikdə 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Vurğulanıb ki, xalqımız bu ağır faciəni hər il dərin hüzn və ehtiramla anır, şəhidlərimizin ruhuna dualar oxuyur.
Çıxışlarda bildirilib ki, artıq bir neçə ildir Xocalı soyqırımının ildönümü fərqli bir şəraitdə qeyd olunur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, şəhidlərimizin qisası alınıb və ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Tədbirin davamında məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.