Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Əliabad qəsəbəsində tədbir keçirilib.

Fevralın 25-də Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iclas zalında keçirilən “Xocalı faciəsi: Suverenliyə aparan ağrılı yol” mövzusunda tədbir keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Əliabad qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Vüqar Hüseynov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı nəticəsində Azərbaycanın Xocalı şəhəri yerlə-yeksan edilib, yüzlərlə dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib.

Vurğulanıb ki, Xocalı faciəsini daim xatırlamaq hər birimizin vətəndaşlıq borcudur.

Tədbirdə, həmçinin Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov, Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Zaur Kərimov, 1 nömrəli Mədəniyyət Evinin direktoru Ramiz Cəlilov və Əliabad qəsəbə kitabxanasının müdiri Nazlı Abbasquliyeva çıxış edərək faciə haqqında ətraflı məlumat veriblər. 

Qeyd edilib ki, 30 il erməni işğalında qalan digər torpaqlarımız kimi Xocalını da 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu azad etdi və xalqımıza qələbə sevinci yaşatdı. Artıq 5 ildir ki, Xocalı qurbanlarının xatirəsi qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Hazırda işğaldan azad olunmuş torpaqlarımıza, həmçinin Xocalıya əsl sahibləri qayıdır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.