Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

Ermənistanın Azərbaycana qarşı onillərlə davam edən işğal siyasəti beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması, eləcə də etnik təmizləmə və soyqırımı kimi insanlıq əleyhinə cinayətlərlə müşayiət olunmuşdur. Bunun ən faciəvi təzahürlərindən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımıdır.
34 il bundan öncə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücumu zamanı mülki əhali birbaşa hədəfə alınmış, şəhər infrastrukturu tamamilə məhv edilmişdir.
Faciə zamanı şəhərdə qalan təxminən 2500 nəfər əhali ən yaxın təhlükəsiz əraziyə çatmaq ümidi ilə şəhəri tərk etməyə cəhd göstərmişdir. Lakin ermənilər tərəfindən əvvəlcədən qurulmuş pusqulara salınan insanlar gecə saatlarında vəhşicəsinə qətlə yetirilmiş və ya əsir götürülmüşdür. Əsasən qadın və uşaqlardan ibarət olan bir qrup sakin isə dağlıq ərazilərdə təqiblərdən gizlənməyə çalışarkən sərt hava şəraiti və donvurma nəticəsində həyatını itirmişdir.
Bu amansız soyqırımı nəticəsində Xocalıda 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl olmaqla 613 nəfər öldürülüb. 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. 27 ailənin yalnız 1 üzvü qalıb. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 230 ailə öz başçısını itirib. 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır). 1275 insan əsir götürülüb. 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Xocalı hadisələrinə rəsmi-siyasi qiymət verilməsi 1993-cü ildən sonra intensiv xarakter almışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdışından sonra faciənin hüquqi-siyasi müstəvidə tanıdılması və beynəlxalq ictimaiyyətə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir.
Məhz Ulu Öndərin siyasi iradəsi və qətiyyətli mövqeyi nəticəsində 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Bu qərarla 26 fevral tarixi rəsmi şəkildə “Xocalı soyqırımı günü” elan olunmuş, faciəyə ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. Sənəddə Xocalıda mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğın beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması kimi xarakterizə edilmişdir.
Bu siyasi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli və ardıcıl fəaliyyət genişləndirilmişdir. Dövlət başçısının rəhbərliyi ilə informasiya müharibəsi şəraitində tarixi faktların dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə anım tədbirlərinin təşkili, siyasi təşəbbüslərin irəli sürülməsi və xüsusilə güclü ordu quruculuğu mühüm nəticələr vermişdir.
Qürurvericidir ki, 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası ərazi bütövlüyümüzü bərpa etmişdir. Bu şanlı Qələbə nəticəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizləndi. Dövlət başçısı 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Xocalının azad edilməsindən sonra şəhərin yenidən qurulması xüsusi olaraq diqqətdə saxlanılır. Azad olunmuş digər şəhər və kəndlərimizdə olduğu kimi Xocalıda da bərpa prosesi mərhələli və kompleks şəkildə həyata keçirilir. Şəhərin müasir şəhərsalma standartlarına uyğun qurulması üçün yeni baş plan hazırlanıb. Əsas hədəf sakinlərin təhlükəsiz, rahat və ləyaqətli şəkildə doğma torpaqlarına qayıdışını təmin etmək və Xocalını inkişaf edən müasir məkana çevirməkdir. Bütün bunlarla bərabər Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara olaraq qalır. Hər il fevralın 26-da ölkəmizdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Dövlətimizin başçısının da söylədiyi kimi, “Biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.