Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın siyasi iradəsinin, diplomatik gücünün və iqtisadi potensialının ifadəsidir

Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın siyasi iradəsinin, diplomatik gücünün və iqtisadi potensialının ifadəsidir.
İyulun 4-də Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirildi. Bu səviyyəli beynəlxalq tədbirin ilk dəfə olaraq Xankəndidə keçirilməsi təkcə diplomatik təşəbbüs deyil, həm də Azərbaycanın regionda yeni reallıqlar yaratmaq istiqamətində atdığı strateji addımların bariz göstəricisidir.
Zirvə görüşündə çıxışı zamanı bu mühüm məqamı vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
Lakin, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar.
İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.
Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.
Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Prezident bildirib ki, Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.
Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.
Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.
Keçən il ECO məkanında ilk dəfə olaraq Azərbaycanda COP29 konfransı keçirildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.
Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər.
ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir.
Çıxışının sonunda Prezident İlham Əliyev üzv ölkələrə 2026-cı ildə Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə görə təşəkkür edərək Xankəndi Zirvə görüşünün ölkələrimiz arasındakı dostluğu daha da möhkəmləndircəyinə əminliyini ifadə etmişdir.