“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə V. Zeynalov adına 3 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi və məktəblilər arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub. Yarışda 13 komanda üzrə 156 şagird iştirak edib.
Birinciliyin yekununa əsasən 17 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 3 nömrəli tam orta məktəbin komandası II yerə, 14 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalara və komanda üzvlərinə diplomlar və kuboklar təqdim edilib.