Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, baş leytenant Raqib Adil oğlu Hüseynovun ildönümü ilə bağlı anım tədbiri keçirilib.Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək şəhid ailələrinə hörmət və ehtiramını bildirib, Raqib Hüseynovun keçdiyi şərəfli ömür yolundan danışıb.
Qeyd olunub ki, Raqib Hüseynov Vətən müharibəsində hərbi andına sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçib. O, Vətən qarşısında borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb.
Bildirilib ki, şəhid Raqib Hüseynovun Vətənə bağlılığı və göstərdiyi qəhrəmanlıq bugünkü və gələcək nəsillər üçün örnəkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xumar Məmmədova, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Əlahiddə Ümumqoşun Ordunun zabiti Binnət Əsədzadə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin əməkdaşı İmran Əliyev, şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev, Vətən müharibəsi qaziləri İlkin Baxşəliyev, Əli Əlisoy və Ceyhun Bayramov, həmçinin şairə Manya Səxavətqızı çıxış ediblər.
Çıxışlarda şəhid Raqib Hüseynovun həyat və döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən, onun ailəsinə və yaxınlarına göstərilən diqqət və qayğıdan bəhs olunub.
Sonda Naxçıvan şəhərindəki Heydər Əliyev və 4 nömrəli tam orta məktəblərin şagirdləri Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.