Vətən müharibəsinin qəhrəman şəhidi Sahil Məmmədov doğum günündə məzarı başında anılıb.

Bu gün Vətən müharibəsində Kəlbəcər Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş baş leytenant Sahil Rasim oğlu Məmmədovun doğum günüdür. Bu münasibətlə şəhidin doğulduğu Qaraçuq kəndində tədbir keçirilib, məzarı ziyarət olunub.

Dövlət orqanlarının rəsmi şəxsləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım tədbirində şəhidin əziz xatirəsi ehtiramla yad olunub, müqəddəs Qurani Kərim oxunaraq dualar edilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan Muxtar Respublikası iqtisadiyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Sosial Xidmətlər Agentliyinin Naxçıvan şəhər şöbəsinin direktoru İmran Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, “Naxçıvan şəhid ailələri” İctimai birliyinin sədri Mais Gülməmmədov, şəhidlərin ailə üzvləri, qazilər çıxış ediblər.

Mərasimdə çıxış edənlər 29 yaşı tamam olan şəhid Sahil Məmmədovun keçdiyi qısa və mənalı həyat yolundan bəhs etmiş Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, tarix yazan igid oğullarımızın and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirmişlər. Şəhidin anası Sahilə xanım şəhid oğlunun ad günündə göstərilən diqqətə və qayğıya görə öz minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Xatırladaq ki, Vətən müharibəsi şəhidi baş leytenant Sahil Məmmədov 28 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. 

Ailəli idi, 1 qız övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov “Vətən uğrunda” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin !