Şəhid leytenant doğum günündə məzarı başında ehtiramla yad olunub.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın doğum və anım günlərinin qeyd olunması ölkəmizin hər bir yerində olduğu kimi Naxçıvan şəhərində də artıq ənənə halını alıb.
12 iyun 2024-cü il tarixdə Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Seyidov Nihat Mehman oğlunun ailə üzvləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, İcra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, sektor müdiri Aysel Məmmədova, Culfa Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Mərasim iştirakçıları şəhidin ailəsinə baş sağlığı verərək, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, tarix yazan igid oğullarımızın and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirmişlər. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini məhz müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması, şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsi təşkil edir.
Şəhidin valideyinləri göstərilən diqqətə və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirib.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nihat Seyidov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin !