Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Hüseynov Raqib Adil oğlunun doğum günü ilə bağlı tədbir keçirilib.

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Hüseynov Raqib Adil oğlunun doğum günü ilə bağlı tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, İcra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, həmin şöbənin baş məsləhətçisi Pərvin Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Baş Gömrük İdarəsinin və Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin əməkdaşları, şəhid ailələri, qazilər, Heydər Əliyev adına Hərbi Liseyin, Heydər Əliyev adına tam orta məktəbin və 4 nömrəli tam orta məktəbin şagird və müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə şəhidin məzarı ziyarət olunub, üzərinə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub.

44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, Raqibin şücaətindən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söhbət açılıb. Qeyd olunub ki, Raqib Hüseynov 28 iyun 1993-cü ildə Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

2020-ci ilin fevral ayından Naftalan şəhərində qərargah rəisi vəzifəsində çalışan Raqib sentyabr ayının 27-də başlanan Vətən müharibəsində qəhrəmanlıqla iştirak edib. Onun Talış kəndi istiqamətində düşmənin müdafiə xəttinin yarılmasında çox böyük xidmətləri olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, baş leytenant Hüseynov Raqib Adil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.