“Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri” mövzusunda tədbir keçirilib

Mayın 16-da Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar olaraq “Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri” mövzusunda  tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının əməkdaşı Zərnigar Orucəliyeva tədbirdə təqdimatla çıxış edərək bildirib ki, uşaq tərbiyəsi cəmiyyətin gələcəyini formalaşdıran ən vacib amillərdən biridir. Bu prosesdə valideynlərin rolu əvəzolunmazdır. Valideyn həm övladına ilk müəllim, həm də ilk nümunədir. Uşağın şəxsiyyət kimi formalaşmasında valideynin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət təkcə bioloji övlad sahibi olmaqla bitmir, eyni zamanda uşaqların əxlaqi, mənəvi, sosial və psixoloji inkişafı üçün davamlı və şüurlu şəkildə çalışmaq tələb olunur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Esmira Həsənova cıxış edərək uşaqların sağlam və əxlaqlı vətəndaş kimi formalaşmasında valideynlərin rolunun əvəzsiz olduğunu vurğulayıb.

“Autizmli uşaqlara dəstək” İctimai Birliyinin təsisçisi, klinik psixologiya üzrə fəlsəfə doktoru, dosent doktor Ayaz Seyidli də tədbirdə çıxış edərək bildirib ki, uşağın psixoloji inkişafında ailənin, xüsusilə də valideynlərin rolu əsas faktorlardandır. Valideyn övlad üçün ilk güzgü, ilk müəllim və ilk sosial modeldir. Uşaqlar davranışları öyrənərkən ilk növbədə valideynlərini müşahidə edir və təqlid edirlər. Bu səbəbdən valideynin sözləri ilə davranışı arasında uyğunluq son dərəcə vacibdir.