“Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri (Gender aspekti ilə yanaşma)” mövzusunda növbəti təlim keçirilib

28 oktyabr 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri (Gender aspekti ilə yanaşma)” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimi Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Qumral Fərəcova açaraq mövzunun aktuallığını və əhəmiyyətini vurğulayıb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək bildirib ki, valideynlər övladlarına kifayət qədər vaxt ayırmalı, onları diqqətlə dinləməli və hisslərini anlamağa çalışmalıdırlar. Uşaqların sağlam inkişafı üçün onların həm fiziki, həm də emosional ehtiyaclarının qarşılanması mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov təqdimatla çıxış edərək qeyd edib ki, uşaq tərbiyəsi cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm amillərdən biridir və bu prosesdə valideynlərin rolu əvəzolunmazdır. Valideyn övladı üçün həm ilk müəllim, həm də ilk nümunədir. Uşağın şəxsiyyət kimi formalaşmasında valideynin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət yalnız övlad sahibi olmaqla məhdudlaşmır, eyni zamanda onun əxlaqi, mənəvi, sosial və psixoloji inkişafı naminə davamlı və şüurlu fəaliyyət göstərməyi tələb edir. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin direktoru Nəzifə Haqverdiyeva təlimin təşkilinə görə təşəkkürünü bildirib. 50 nəfər şagird və valideynin iştirak etdiyi təlim diskussiya şəklində davam etdirilib. Tədbir çərçivəsində mövzu ilə bağlı sorğu keçirilib, iştirakçılara maarifləndirici broşürlər paylanılıb, həmçinin posterlər məktəbin elan lövhələrində yerləşdirilib.