“Uşaqların söz haqqı və ünsiyyət hüququ mediasiya platformasında” mövzusunda tədbir keçirilib

27 fevral 2026-cı il tarixdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Uşaqların söz haqqı və ünsiyyət hüququ mediasiya platformasında” mövzusunda tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov uşaq hüquqlarının qorunmasının əhəmiyyətini vurğulayıb, Naxçıvan şəhərində müvafiq sahədə həyata keçirilən tədbirlərdən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev və Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək uşaqların söz haqqı və ünsiyyət hüququnun təmin edilməsinin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu mühüm məqam uşaqların şəxsiyyət kimi formalaşması və sosiallaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Uşaq ailədə, məktəbdə və cəmiyyətdə öz fikrini sərbəst ifadə edə bildikdə, onun psixoloji inkişafı daha sağlam olur, özünəinamı möhkəmlənir.
Tədbir diskussiya şəklində davam edib və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Sonda mövzu ilə bağlı broşürlər paylanılıb.