Uşaq müəssisəsində sanitar-gigiyenik vəziyyətlə bağlı seminar keçirilib

6 may 2026-cı il tarixdə Naxçıvan şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında uşaq müəssisəsində sanitar-gigiyenik vəziyyətlə bağlı seminar keçirilib. Seminarı giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun aktuallığından və tədbirin əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova çıxış edərək bildirib ki, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət sağlam mühitin formalaşmasında əsas şərtlərdən biridir. Təmizlik, havalandırma və digər gigiyenik qaydalara əməl olunması uşaqların sağlamlığının qorunmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Qurbani İbrahimov vurğulayıb ki, sanitar-gigiyenik normalara riayət olunması uşaqlar arasında xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Xəstəliklərin yayılma riskinin azaldılması üçün mütəmadi tibbi nəzarətin və profilaktik tədbirlərin həyata keçirilməsi vacibdir.

Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə Ağayeva çıxışında bildirib ki, məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara əməl olunması uşaqların sağlam və təhlükəsiz mühitdə inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Daha sonra Naxçıvan şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının direktoru Şeyda Əliyeva maarifləndirici tədbirin təşkilinə görə minnətdarlıq bildirib.

Disskussiya şəklində davam edən seminarda iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb.