İyulun 4-də Naxçıvan şəhər 6 nömrəli körpələr evi - uşaq bağçasında muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.
Seminarda Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ləman Rzayeva və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Qumral Fərəcova çıxış edərək uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.
Sanitar-gigiyenik vəziyyətə məsul şəxslərlə yanaşı, müəllimlərin də iştirak etdiyi seminar diskussiya xarakterli olub və mövzu ilə bağlı broşürlər paylanılıb.
Sonda 6 nömrəli körpələr evi - uşaq bağçasının müdiri İlhamə Rzayeva seminarın əhəmiyyətini vurğulayıb, təşkilatçılara təşəkkür edib.