Uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib

İyunun 12-də "Konstitusiya və Suverenlik İli” çərçivəsində, “İnsan hüquqları aylığı” ilə əlaqədar olaraq Naxçıvan Şəhər Uşaq Gənclər İdman Məktəbində muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin Sanitar-Karantin Şöbəsinin müdiri Qurbani İbrahimov və Naxçıvan Şəhər Uşaq Gənclər İdman Məktəbinin direktoru Faiq İsgəndərov çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanılmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.
Sanitar-gigiyenik vəziyyətə məsul şəxslərlə yanaşı, müəllimlərin də iştirak etdiyi tədbir diskussiya xarakterli olub.