Avqustun 12-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan şəhər Tumbul kəndində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Orxan Məhərrəmov mövzunun əhəmiyyətini vurğulayıb, Naxçıvan şəhərində müvafiq sahədə görülən işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova çıxış edərək uşaq əməyinin istismarının uşaqların fiziki, əqli, emosional və sosial inkişafına mənfi təsir göstərən amillər olduğunu qeyd edib. Bildirilib ki, valideynlər və cəmiyyətin digər üzvləri uşaq əməyinin zərərləri barədə məlumatlandırılmalı, bunun qarşısının alınması üçün birgə səy göstərilməlidir.
Diskussiya formatında keçirilən tədbirdə iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb, kənd ərazisində yerləşən elan lövhələrinə maarifləndirici posterlər yerləşdirilib.