Uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib

İyun ayının 10-da “Konstitusiya və Suverenlik İli” və “İnsan hüquqları aylığı” çərçivəsində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri, müəllim və valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova təqdimatla çıxış edərək bildirib ki, uşaq əməyinin istismarı uşaqların fiziki, əqli, emosional və sosial inkişafına mənfi təsir göstərən amildir. Buna görə də valideynlər və cəmiyyətin digər üzvləri uşaq əməyinin zərərləri və qanunsuzluğu barədə məlumatlandırılır. Ölkəmizin milli qanunvericilik sistemi uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərdən irəli gələn normalar əsasında daha da təkmilləşdirilib. Qeyd edilib ki, keçirilən maarifləndirmə tədbirləri uşaqların təhsilinə və sağlamlığına daha çox diqqət artırılmasını təşviq edir.
Daha sonra məktəbin direktoru Natella Rzayeva mövzu ilə bağlı çıxış edib.
Tədbir diskussiya formatında davam edib.