Uşaq hüquqlarının təbliği mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəfail Əhmədov çıxış edərək bildirib ki, uşaqların hüquq və maraqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Naxçıvan şəhərində də uşaq hüquqlarının müdafiəsi daim diqqətdə saxlanılır, bununla bağlı İcra hakimiyyətində müvafiq komissiyalar fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova bildirib ki, uşaq hüquqlarının təbliğində məqsəd, uşaqların sağlam və təhlükəsiz mühitdə böyümələrini təmin etmək, təhsil almaq, sağlamlıqlarını qorumaq, ailə və cəmiyyətdə layiqli yer tutmalarını dəstəkləməkdir.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin direktoru Nəzifə Haqverdiyeva təhsil müəssisələrində uşaq hüquqlarının qorunması ilə bağlı görülən işlərdən danışıb, bu sahədə maarifləndirmənin əhəmiyyətini qeyd edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, uşaqların fikirləri dinlənilib, maarifləndirici broşürlər paylanılıb.