“Uşaq hüquqları və vəzifələri” mövzusunda tədbir keçirilib

Aprelin 15-də “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Rəfail Əhmədov açaraq bu sahədə maariflənmənin əhəmiyyətini və vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova çıxış edərək bildirib ki, dünyadakı bütün uşaqların qanunla tənzimlənən və əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları hüquqlar insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı vardır.
Həmçinin dövlətimizin qanunvericilik sistemində uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində etibarlı təminat mexanizmlərin formalaşdırıldığı vurğulanıb.
Daha sonra Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin əməkdaşı David Hüseynov və Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin direktor müavini Əbülfəz Rzayev mövzu ilə bağlı çıxış ediblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və maarifləndirici broşürlar paylanılıb.