“Uşaq bağçalarında sanitar-gigiyenik vəziyyət" mövzusunda maarifləndirici seminar keçirilib

10 fevral 2026-cı il tarixdə Naxçıvan şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında “Uşaq bağçalarında sanitar-gigiyenik vəziyyət" mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanmasının əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək bildirib ki, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət sağlam mühitin formalaşmasında əsas şərtlərdən biridir. Sanitariya qaydalarına riayət edilməsi uşaqlar üçün təhlükəsiz və rahat mühit yaradır.
Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin Sanitar-karantin şöbəsinin müdiri Qurbani İbrahimov çıxış edərək uşaq tərbiyə müəssisələrində sanitar-gigiyenik normalara riayət olunmasının uşaqlar arasında xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, gigiyena qaydalarına əməl olunması uşaqların immun sisteminin qorunmasına kömək edir.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Təhminə Ağayeva vurğulayıb ki, təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyət təlim prosesinin keyfiyyətinə mühüm təsir göstərir. Sağlam mühitdə təhsil alan uşaqlar daha aktiv və məhsuldar olurlar.
Seminar diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb.