Urumçi şəhərində “Goldwind Science and Technology Co.LTD” şirkətinin fəaliyyəti ilə tanışlıq olub

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin Çinin Urumçi şəhərinə rəsmi səfəri çərçivəsində “Goldwind Science and Technology Co. Ltd” şirkətinin fəaliyyəti ilə tanışlığı olub.

Qeyd edək ki, “Goldwind” şirkəti külək enerjisi turbinlərinin istehsalı sahəsində dünyanın aparıcı sənaye müəssisələrindən biridir. Şirkətin müxtəlif ölkələrdə 7 regional mərkəzi, 6 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir və 10 min nəfərdən artıq əməkdaşı vardır. İndiyədək dünya üzrə 54 min ədəddən çox külək turbini quraşdırılıb, bu turbinlər vasitəsilə ümumilikdə 135 GW-dan artıq enerji hasil olunub.

Görüş zamanı Azərbaycan Respublikasında həyata keçirilən təmiz enerji layihələri, ölkənin külək və günəş enerjisi potensialı, o cümlədən Naxçıvan Muxtar Respublikasında icra edilən alternativ enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Şirkət rəsmiləri ölkəmizdə bu sahədə həyata keçirilən layihələrə dəstək göstərməkdə maraqlı olduqlarını bildiriblər.

Eyni zamanda, şirkətin məhsullarının Avropa bazarına çatdırılmasında yeni nəqliyyat dəhlizlərinin strateji əhəmiyyəti xüsusi olaraq vurğulanıb.