20 Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı haqq səsini ucaltmış dinc əhalinin imperiya qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, eyni zamanda ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət əməli idi.
Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev olmuşdur.
Faciənin ertəsi günü, yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, ifşaedici və cəsarətli bəyanat vermişdir.
Xalqla birgə olduğunu bildirən Ümummilli Lider Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırmışdır.
Ümummilli Lider Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini vermişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Beləliklə, Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı olan Milli Məclis səviyyəsində, ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.
Milli Məclisin qəbul etdiyi Qərarda, 20 yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, həmçinin Bakı şəhərində xatirə kompleksinin yaradılması tapşırıldı.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir. “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfat etmiş şəxslər təltif olunurlar. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Fəxri adla təltif olunanların ailə üzvləri qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 5 avqust tarixli Sərəncamına əsasən Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmışdır. Kompleksin açılışı 10 oktyabr 1998-ci il tarixində olmuşdur. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi Məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir.
Ulu Öndər 20 Yanvar hadisələrini belə səciyyələndirmişdir: “Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub”.
Ümummilli Liderin söylədiyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.