Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində keçiriləcək silsilə tədbirlər çərçivəsində möhtəşəm konsert proqramı təşkil olunacaq.
Tədbir 10 may 2026-cı il tarixində saat 19:00-da Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” Turistik İstirahət Mərkəzi ərazisində keçiriləcək.
Açıq hava şəraitində baş tutacaq konsertdə Naxçıvan Dövlət Filarmoniyasının peşəkar solistləri ilə yanaşı, Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələri də iştirak edəcəklər. Gecədə Xalq artistləri Samir Cəfərov və Gülyaz Məmmədova, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, eləcə də sevilən ifaçı Şəmistan Əlizamanlı öz zəngin repertuarları ilə çıxış edəcəklər. İfa olunacaq musiqi nömrələri milli-mənəvi dəyərlərimizi, muğam və xalq musiqimizin incəliklərini, eyni zamanda müasir bəstəkarların əsərlərini əhatə edəcək.
Konsert proqramı müasir səhnə tərtibatı, işıq və səs effektləri ilə müşayiət olunacaq, tamaşaçılara yüksək səviyyəli musiqi zövqü bəxş edəcək.
Milli musiqimizin zəngin ənənələrini əks etdirən konsert proqramı şəhər sakinləri və qonaqlar üçün əsl bayram əhval-ruhiyyəsi yaradacaq, Ümummilli Liderin əziz xatirəsinə ehtiramın ifadəsi olacaq.