Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi

Azərbaycan tarixində gənclərə xüsusi diqqət və qayğının sistemli dövlət siyasəti səviyyəsinə qaldırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət gəncləri hər zaman ölkənin gələcəyi, müstəqilliyin qorunması və milli inkişafın əsas dayağı kimi qiymətləndirmişdir. Onun müəyyən etdiyi gənclər siyasəti bu gün də müasir Azərbaycan dövlətinin strateji xəttinin mühüm tərkib hissəsini təşkil edir.
1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkədə gənclər siyasəti yeni və sistemli mərhələyə qədəm qoymudur. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu gənclərlə dövlət arasında açıq dialoqun yaradılması baxımından tarixi hadisə oldu. Məhz bu forumun nəticəsi olaraq 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi gəncliyə göstərilən yüksək etimadın rəmzinə çevrildi.
Qeyd edək ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra, 1998-ci ilin 8-12 avqust tarixlərində gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilmişdir.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilmişdir. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı.
Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndərin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşü və onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
Xüsusilə, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ümummilli Lider vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Ümummilli Lider Heydər Əliyev gənclərə daim inanır, onların təşəbbüslərini dəstəkləyir və gələcəyə inamla baxmalarını tövsiyə edirdi. Onun “Gənclər bizim gələcəyimizdir” fikri sadəcə bir ifadə deyil, konkret addımlar və qərarlarla təsdiq olunan dövlət fəlsəfəsi idi.
Bu gün Ulu Öndərin müəyyən etdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri ölkənin sosial-iqtisadi inkişafında, beynəlxalq arenada qazandığı uğurlarda və milli maraqların qorunmasında fəal rol oynayırlar. Gənclərin dövlətə və liderə sədaqəti, xüsusilə də Vətən qarşısında göstərdikləri fədakarlıq Heydər Əliyev ideyalarının yaşadığını bir daha sübut edir.
Nəticə etibarilə, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi anlayışları bir-birini tamamlayan, eyni məqsədə; - güclü, müstəqil və inkişaf etmiş Azərbaycan dövlətinə xidmət edən strateji bütövlükdür. Ümummilli Liderin müəyyən etdiyi yol və ideyalar Azərbaycan gəncliyi üçün bu gün də etibarlı bələdçi rolunu oynayır.