Mayın 8-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaraxanbəyli kəndində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəfail Əhmədov, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri yazıçı-publisist Əbülfəz Rzayev və Vəli Vəliyev, Qaraxanbəyli kənd kitabxanasının əməkdaşı Firəngiz Səfərova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyatından, azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, dövlətçilik fəaliyyətindən, həmçinin onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin müstəqilliyini möhkəmləndirməsi, beynəlxalq aləmdə Azərbaycanın rolunun və nüfuzunun artması, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Qarabağın işğaldan azad edilməsi və hazırda orada gedən quruculuq işlərindən bəhs ediblər.
Sonra Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri Ümummilli Liderə həsr olunmuş şeirlər qiraət ediblər.