“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Əliabad qəsəbəsində keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Toğrul Salahov, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov və Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Zaur Kərimov çıxış edərək Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzsiz rolundan bəhs ediblər.
Bildirilib ki, həyatının mənasını yalnız xalqına xidmətdə görən Ulu Öndər ömrünü xalqının firavan gələcəyinə həsr edib. Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini tutması məhz Heydər Əliyev ideyalarının yaşamasının, onun siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu dayanıqlı inkişaf siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev adı və onun işıqlı ideyaları daima yaşayacaqdır.
Sonra Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Əsgər Əlizadə, Elza Bağırova və Xumar Hacıyeva Ümummilli Liderə həsr olunmuş şeirlər qiraət ediblər.
Tədbirin sonunda mövzu ilə bağlı hazırlanmış sərgiyə baxış keçirilib.