“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirilib.
3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov tədbiri giriş sözü ilə açaraq dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyi, iqtisadi, sosial və mədəni tərəqqisi, xalqımızın firavanlığı və xoşbəxtliyi uğrunda misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin zəngin dövlətçilik irsinin müasir Azərbaycanın inkişafında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, onun müstəqil Azərbaycanın qurulması və inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ümummilli Liderin milli dövlətçilik ideyaları və müəyyən etdiyi inkişaf strategiyası müasir Azərbaycanın hərtərəfli tərəqqisinin əsasını təşkil etmiş, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə vermişdir. Bu zəngin irs bu gün də dövlətimizin inkişafı yolunda mühüm istiqamətverici amil kimi öz əhəmiyyətini qoruyur. Prezident cənab İlham Əliyev tərəfindən bu siyasi kursun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan böyük inkişaf və zəfər yolu keçib. 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunub və Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində ölkəmizdə böyük elmi, intellektual və iqtisadi potensial yaradılmış, mühüm uğurlar qazanılmışdır. Həmin dövrdə sənayenin, kənd təsərrüfatının, təhsilin, elmin, səhiyyənin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilmiş, Azərbaycanın gələcək müstəqil inkişafı üçün möhkəm iqtisadi və sosial baza formalaşdırılmışdır. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində yetişən peşəkar kadrlar, yaradılan müasir infrastruktur və formalaşan güclü iqtisadi potensial sonrakı mərhələdə müstəqil Azərbaycanın inkişafında mühüm rol oynamışdır.
Sonda tədbir iştirakçıları xalqımızın qazandığı müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə etdiyi nailiyyətlərə görə daim Ümummilli Lider Heydər Əliyevə minnətdar olacaqlarını bildiriblər.