Türk Dünyası Macarıstanda bir araya gəldi

Mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət başçılarının qeyri-rəsmi Zirvə Toplantısı keçirilib.
İlk dəfə olaraq müşahidəçi dövlətin ərazisində və Avropa qitəsində keçirilən bu Sammit həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə artan əhəmiyyətini əks etdirir.
“Şərqlə Qərbin görüş nöqtəsi” mövzusunda təşkil olunan Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak ediblər.
Tədbirin ev sahibi, Macarıstanın Baş naziri Viktor Orban Zirvə görüşünün əhəmiyyətinə toxunub və Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb; “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik.
Həmçinin, Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə Prezident Əliyevə təşəkkür etmək istəyirəm. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək təşkilatın ilk qeyri-rəsmi Zirvə görüşünün ötən il Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirildiyini xatırladıb. “Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.”
Son illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna və hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulduğunu diqqətə çatdıran dövlət başçısı Azərbaycanın açıq dənizlərə çıxışı olmasa da bu gün Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini söyləyib.
Prezident bildirib ki, hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Ötən il Azərbaycanın qısa müddətdə COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduğunu vurğulayan Prezident İlham Əliyev bu mühüm beynəlxalq tədbirdə 197 ölkədən 77 min nəfərin iştirak etdiyini bildirib.
“COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.”
Qeyd edək ki, Zirvə görüşündə dövlət başçıları Türk Dövlətləri Təşkilatının institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyərək 71 bənddən ibarət Birgə Bəyannamə imzalayıblar.