Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr uğurla inkişaf edir

2009-cu il oktyabrın 3-də Naxçıvan müqaviləsi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı bu gün 5 milyon kvadratkilometr ərazidə təqribən 200 milyon nəfərdən çox əhalini özündə birləşdirir. Ötən 16 il ərzində böyük inkişaf yolu keçən Türk Dövlətləri Təşkilatı hazırda beynəlxalq miqyasda böyük nüfuza və gücə malikdir. Türk xalqlarının birliyinin gücləndirilməsi, siyasi, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi və ümumtürk birliyinin yaradılması məqsədilə təsis olunan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilib.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti liderlərinin iştirakı ilə keçirilən zirvə görüşündə bir sıra mühüm tarixi qərarlar qəbul edilib, birliyimizi daha da möhkəmləndirəcək addımlar atılıb.
Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev görüşün Azərbaycanın qədim şəhəri olan Qəbələdə keçirilməsinin tarixi əhəmiyyətinə diqqəti çəkib. Dövlət başçısı bildirib ki, Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.
Bu gün sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu qeyd edən ölkə başçısı bildirib ki; “Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.
2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.”
Prezident İlham Əliyev qeyd edib ki, biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafının strateji əhəmiyyətə malik olduğunu bildirib; “2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100 illik yubileyinin gələn il Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edib. Çıxışının sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür edən dövlət başçısı bildirib ki, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.