Tumbul kəndində təsərrüfatçılarla birgə maarifləndirici tədbir keçirilib

Sentyabrın 9-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə bağçılıq və meyvəçiliklə məşğul olan təsərrüfatçılarla maarifləndirici tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ənvər Abbasov giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İntiqam Hüseynov ətraflı çıxış edərək bağçılıq və meyvəçiliklə məşğul olan təsərrüfatçıları dövlət tərəfindən verilən subsidiyaların artımı və ödənilməsi barədə, həmçinin meyvə ağaclarına düzgün aqro-texniki qulluq göstərilməsi haqqında məlumatlandırıb.
Sonda təsərrüfatçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 2.4-cü bəndinə müvafiq olaraq, 2026-cı il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının, həmçinin əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərarına əsasən təsərrüfatçıları ətraflı məlumatlandırmaqdan ibarət olub.