Tumbul kəndində seminar-müşavirə keçirilib.

Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin akt zalında “Taxıl biçini və tədarükü dövründə əkin və əkin-otlaq sahələrində, eləcə də yaşıllıq ərazilərində baş verən yanğınların səbəbləri, qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi” və “Çimərlikdə təhlükəsizlik qaydaları” mövzularında seminar-müşavirə keçirilib.

Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Səyyad Əliyev açaraq mövzunun əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov “Əkin yerlərinin yandırılmasına, eləcə də meşələrdə yanğın təhlükəsizliyi qaydalarının pozulması və yerinə yetirilməməsinə görə tətbiq edilən inzibati məsuliyyət növləri” mövzusunda çıxış edərək strateji əhəmiyyətə malik olan taxılın yanğından qorunması, taxıl və əkin-otlaq sahələrində, eləcə də meşələrdə, meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi sahəsində görülmüş işlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov “Çimərlikdə təhlükəsizlik və zəruri davranış qaydaları, ildırımvurma və ildırımvurmanın təsirindən qorunmanın yolları” mövzusunda çıxış edib. 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.