Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində keçirilən tədbirdə İcra hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov Naxçıvan şəhərində qadın hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə məlumat verib, qadınların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən təlimin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva evdar və sosial qayğıya ehtiyacı olan qadınların məşğulluğunun diqqətdə saxlanılmasından və dekorativ-tətbiqi sənət sahəsinə maraqlarının artırılmasından danışıb. Bildirilib ki, dekorativ-tətbiqi sənət sahəsində təlimlərin keçirilməsi qadınların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və iqtisadi müstəqilliklərini təmin etmək məqsədini daşıyır.
Sonra istedadlı qadın Səkinə Qarayeva əyani vəsaitlərdən istifadə etməklə iştirakçılara təlim keçib. Qadınların maraqları və ehtiyacları nəzərə alınmaqla keçirilən təlimdə hər bir qadının sənətkarlıq və tətbiqi sənət sahəsində özünü ifadə etməsi üçün şərait yaradılıb. 28 nəfərin yararlandığı təlimdə iştirakçıların rəsm çəkmək bacarıqları da inkişaf etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.