Ətraf mühitin mühafizəsi məqsədilə Naxçıvan şəhərində aksiya keçirilib

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində təmizlik aksiyası keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunmasına diqqətin artırılması, şəhərin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması, əhalidə təmizlik və ekoloji məsuliyyət mədəniyyətinin formalaşdırılması, xüsusilə gənclər arasında təbiətə qayğıkeş münasibətin təşviq olunması olub.
Aksiya çərçivəsində iştirakçılar Naxçıvan–Sədərək magistral yolunun ətrafında təmizlik işləri apararaq tullantıları toplayıb, ərazini tullantılardan təmizləyiblər. Eyni zamanda, ətraf mühitin mühafizəsinin əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb.
Tədbir zamanı vurğulanıb ki, təmiz və sağlam ətraf mühitin qorunması hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ekoloji şüurun formalaşmasına, təbiətə həssas münasibətin gücləndirilməsinə və gələcək nəsillər üçün sağlam mühitin qorunmasına xidmət edir.