Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Aqrar İnnovasiya Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində toxum sərgi–satış yarmarkası keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Aqrar İnnovasiya Mərkəzinin rəhbər şəxsləri və əməkdaşları, elmi-tədqiqat institutlarının, özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri və fermerlər iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova tədbiri giriş sözü ilə açaraq muxtar respublikada toxumçuluğun mövcud vəziyyəti barədə ətraflı məlumat verib, sərgi-satış yarmarkasının fermerlər üçün böyuk əhəmiyyət kəsb etdiyini bildirib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aqrar sahənin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu gün dövlətimiz tərəfindən hər hektar əkin sahəsi üçün subsidiyaların 25 faizi nağd şəkildə, 75 faizi isə gübrə şəkilində verilir ki, bu da əkinçilər üçün böyük maddi köməkdir.
Sonra Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək növbəti illərdə muxtar respublikanın digər bölgələrində də toxum sərgi-satış yarmarkalarının təşkilinin nəzərdə tutulduğunu bildiriblər.
Fermerlərə Agentliyin əməkdaşları tərəfindən “Zərərli orqanizmlərlə qarşı inteqrir mübarizə üsulu və tətbiqi”, "Sertifikatlı toxumdan istifadənin əhəmiyyəti", "Müasir iqlim dəyişiklikləri şəraitində heyvan sağlamlığına təhdidlər" mövzularında təlimlər keçirilib, gələcək qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub. Yarmarkada 200-ə yaxın fermer iştirak edib.